Görünür, Vaşinqton ABŞ və Rusiya prezidentlərinin üzbəüz görüşündən əvvəl uzun və qanlı müharibəni bitirmək üçün böyük güzəştlərə hazır olmaları üçün Kiyevi və Moskvanı hazırlayır. ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens xəbərdarlıq edib ki, istənilən sülh sazişi, böyük ehtimalla, hər iki tərəfi narazı salacaq.
"Bu, heç kimi çox xoşbəxt etməyəcək. Yəqin ki, həm ruslar, həm də ukraynalılar günün sonunda bundan narazı qalacaqlar", - Vens avqustun 10-da "Fox News"a müsahibəsində deyib.
Bu fikirlər avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada planlaşdırılan görüşdən əvvəl səslənib. Bu görüş Kreml liderinin 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlamasından bəri onun uzunmüddətli beynəlxalq təcridində bir növ fasilə olacaq.
Danışıqlar həlledici bir məqamda baş tutur. Tramp getdikcə daha çox Putindən məyus olur, Rusiya prezidenti isə maksimalist tələblərindən geri addım atacağına dair heç bir siqnal vermir.
Tramp son günlərdə bildirib ki, müharibənin istənilən həlli ərazilərin mübadiləsini əhatə edə bilər.
"Biz bəzilərini geri alacağıq və bəzilərini dəyişdirəcəyik", - Tramp avqustun 8-də Ağ evdə deyib. "Bəzi ərazilərin mübadiləsi hər iki tərəfin xeyrinə olacaq".
Bu açıqlamalar Ukrayna prezidenti Volodimir Zelenskinin və Ukraynanın təhlükəsizliyi, ərazi bütövlüyünə güclü dəstək ifadə edən avropalı müttəfiqlərinin sərt reaksiyalarına səbəb olub.
"Müharibənin sonu ədalətli olmalıdır. Mən Avropanın vacib təhlükəsizlik maraqlarını müdafiə edən Ukraynada sülh naminə bu gün ölkəmizin və xalqımızın yanında olan hər kəsə minnətdaram", - Zelenski avqustun 10-da sosial şəbəkədəki paylaşımında bildirib.
"Beynəlxalq hüquq aydındır: müvəqqəti işğal olunmuş bütün ərazilər Ukraynaya məxsusdur", - Avropa İttifaqının baş diplomatı Kaya Kallas deyib.
K.Kallas növbəti addımları müzakirə etmək üçün bu gün - avqustun 11-də Avropa xarici işlər nazirlərinin toplantısını çağıracağını bildirib. Ukrayna xarici işlər naziri Sibiqanın da iclasda iştirak edəcəyini bildirib.
Avropa liderləri Trampın hərbi münaqişəni həll etmək səylərini alqışlasalar da, Moskvaya təzyiq göstərməyin və Kiyev üçün təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıblar.
Avqustun 9-da Britaniya, Fransa, İtaliya, Almaniya, Polşa, Finlandiya və Avropa Komissiyası liderlərinin bəyanatında vurğulanıb ki, "yalnız fəal diplomatiya, Ukraynaya dəstək və qanunsuz müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi birləşdirən yanaşma uğur qazana bilər".
Ukraynaya əsaslı hərbi və maliyyə dəstəyini davam etdirəcəklərinə söz verən Avropa liderləri həmçinin qeyd ediblər ki, "Ukrayna öz taleyi ilə bağlı seçim azadlığına malikdir".
Vitse-prezident Ceyms Di Vens (soldan ikinci) avqustun 8-də İngiltərənin Kent şəhərində Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşür.
"The Wall Street Journal" (WSJ) avqustun 9-da adı açıqlanmayan rəsmilərə istinadən xəbər verib ki, Avropa rəsmiləri ABŞ-nin qeyri-müəyyən planına əks təklif təqdim ediblər. Bildirilib ki, bura hər hansı digər addımlar atılmamışdan əvvəl atəşkəsin baş tutması və istənilən ərazi mübadiləsinin qarşılıqlı olması və təhlükəsizlik zəmanətləri daxildir.
Xəbərdə deyilib ki, avropalı rəsmilər avqustun 9-da Londondan kənarda yerləşən malikanədə Ukrayna və Avropa rəsmiləri ilə görüş zamanı öz təkliflərini vitse-prezident Di Vensə təqdim ediblər.
WSJ-nin xəbərini dərhal təsdiqləmək mümkün olmayıb. "Reuters" bir Avropa rəsmisinə istinadən bildirib ki, Vensə alternativ plan təqdim olunub, lakin təfərrüatlar açıqlanmayıb.
Ərazidən imtina məcburidir?
Prezident Trampın "ərazi mübadiləsi" ilə nəyi nəzərdə tutduğu aydın deyil. Ancaq hazırda Rusiyanın heç bir ərazisi Ukraynanın nəzarətində deyil.
Bunun əksinə isə Rusiya 2014-cü ildə Krım yarımadası və şərqi Ukraynanın bir hissəsinə nəzarəti ələ keçirib, Moskvanın Rusiyaya aid olduğunu iddia etdiyi bütün Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin əhəmiyyətli hissələri də daxil olmaqla, ölkənin beşdə birini işğal edir.
Aİ-nin yüksəkrütbəli rəsmisi avqustun 10-da AzadlıqRadiosuna deyib ki, "Rusiyanın mövqeyi ərazi mübadiləsi kimi formalaşır, lakin bu, kifayət qədər birtərəfli mübadilə kimi görünür".
"Təhlükəsizlik təminatları Ukrayna üçün böyük əhəmiyyət kəsb edir. Ən güclü təhlükəsizlik zəmanəti o olardı ki, müttəfiqlərin Ukrayna silahlı qüvvələrinə və Ukraynaya dəstəyinə heç bir məhdudiyyət qoyulmasın", - rəsmi əlavə edib.
Zelenski Putinlə üz-üzə görüşməyə hazır olduğunu desə də, Alyaska sammitinə dəvət edilməyib. Putin isə indiyə qədər mütəmadi olaraq Zelenski ilə görüşdən imtina edib.
ABŞ mediası Trampın Zelenskini Alyaskaya dəvət etməyi düşündüyünü irəli sürsə də, Ağ evdəki mənbələr bu xəbərləri yalanlayıb. Həmçinin Putinin də belə bir hərəkətə necə reaksiya verəcəyinə dair heç bir işarə yoxdur.
Vitse-prezident Di Vens "Fox News"a müsahibəsində prezident Trampın Putini Zelenski ilə görüşməyə inandırdığını və gələcək görüşün planlaşdırıldığını bildirib. Ancaq o, bununla bağlı konkret məlumat verməyib.
NATO-nun baş katibi Mark Rutte isə "ABC News"a bildirib ki, "genişmiqyaslı danışıqlara gəldikdə... bu, ərazilər barədə olacaq".
"Söhbət, əlbəttə ki, təhlükəsizlik təminatlarından, Ukraynanın öz gələcəyini özünün müəyyənləşdirməsi zəruriliyini tanımaqdan da gedəcək. Ukrayna suveren dövlət olmalı, öz geosiyasi gələcəyini özü müəyyənləşdirməli və, əlbəttə ki, hərbi qüvvələrinin sayına heç bir məhdudiyyət qoyulmamalıdır", - Rutte deyib.
Ukrayna torpaqlarının Rusiyaya verilməsi Zelenski üçün təhlükəli siyasi qərar olardı. Bununla yanaşı, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Ukrayna əhalisinin böyük hissəsi müharibədən yorğundur.
"Təəssüf ki, biz bu müharibə üçün çox böyük bədəl ödədik: Vətənpərvərlərimizin, əsgərlərimizin, vətəndaşlarımızın həyatını. Yüzlərlə şəhər dağıdılıb. Ukraynanın böyük bir hissəsi Rusiya tərəfindən işğal olunub", - o əlavə edib.