Avstraliya da Fələstini tanıya bilər

Entoni Albanez

"Bloomberg" yazır ki, Avstraliyanın baş naziri Entoni Albanez brifinqdə bildirib ki, onun ölkəsi sentyabrda keçiriləcək BMT sammitində Fələstini rəsmi olaraq dövlət kimi tanıyacaq.

Albanez əlavə edib ki, müvafiq qərar Avstraliyanın Fələstin Administrasiyasından aldığı öhdəliklər nəzərə alınaraq qəbul edilib.

"İkidövlətli həll yolu Yaxın Şərqdə zorakılıq dövrəsini qırmaq və Qəzza zolağındakı münaqişəyə, əzab-əziyyətə və aclığa son qoymaq üçün bəşəriyyətin ən böyük ümididir. Hökumətimiz açıq şəkildə bildirib ki, HƏMAS terrorçuları gələcəkdə yaradılacaq Fələstin dövlətində heç bir rol oynaya bilməz. Bu, Avstraliyanın prezident Mahmud Abbas və Fələstin Administrasiyasından tələb etdiyi və razılıq aldığı öhdəliklərdən biridir", - baş nazir bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, rəsmi Paris sentyabrda BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini tanıyacaq.

Böyük Britaniya və Kanada da bu planı nəzərdən keçirdiklərini bəyan ediblər.

BMT-yə üzv 193 dövlətdən 150-yə yaxını Fələstin dövlətinin müstəqilliyini tanıyır, lakin ABŞ və İsrail də daxil olmaqla bir sıra ölkələr onu dövlət kimi tanımır. 2012-ci ildən Fələstin BMT-də müşahidəçi dövlət statusuna malikdir. 2024-cü ilin mayında BMT Baş Assambleyası Fələstinin hüquqlarını genişləndirib və simvolik olaraq onu təşkilatın üzvlüyünə qəbul etmək üçün səs verib.

Ənəs əl-Şərif

'Al-Jazeera' jurnalistləri İsrail zərbəsində həlak olublar

"Al Jazeera" telekanalının məşhur jurnalisti, əvvəllər də İsrail tərəfindən təhdid edilən Ənəs əl-Şərif bazar günü - avqustun 10-da İsrailin hava zərbəsi nəticəsində dörd həmkarı ilə birlikdə öldürülüb. Beynəlxalq jurnalistlər və insan haqları təşkilatları bu hücumu pisləyib.

Əl-Şərifin HƏMAS-la əlaqəli olduğunu iddia edən İsrail ordusu onun hədəf alınaraq öldürüldüyünü açıqlayıb.

Qətər hökuməti tərəfindən maliyyələşdirilən "Al-Jazeera" telekanalı və ölümündən əvvəl əl-Şərif İsrailin bu cür iddialarını rədd etmişdi.

Qəzza rəsmiləri bildirib ki, 28 yaşlı jurnalist Qəzza şəhərinin şərqindəki "əl-Şifa" xəstəxanası yaxınlığındakı çadıra endirilən raket zərbəsi nəticəsində həlak olub. Bu hücumda "Al-Jazeera"nın daha dörd əməkdaşı da həyatını itirib.

Əl-Şərifini "Qəzzanın ən cəsur jurnalistlərindən biri" adlandıran "Al-Jazeera" telekanalı bu hücumu "Qəzzanın işğalı ərəfəsində səsləri susdurmaq cəhdi" adlandırıb.

Jurnalistləri qəsdən hədəfə aldığını inkar edən İsrail tərəfi bildirir ki, İsrailin hava hücumları nəticəsində öldürülənlərin çoxu mətbuat adı altında işləyən islamçı yaraqlı qrupların üzvləridir.

Ənəs əl-Şərif İsrail-HƏMAS müharibəsini işıqlandırdığına görə 2024-cü ildə "Brekaing News Photography" kateqoriyasında "Pulitzer" Mükafatını qazanan "Reuters" komandasında olub.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Qəzza münaqişəsində azı 186 jurnalistin öldürüldüyünü bildirib.

Xatırlatma

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insan öldürüldüyü bildirilir, amma bunun neçəsinin döyüşçü olduğu bəlli deyil. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.