Azərbaycanda dana əti yenə bahalaşıb

Ət

Son həftələr Azərbaycanda heyvan əti yenidən bahalaşıb. Xüsusilə də, bu, özünü daha çox dana ətinin qiymətində göstərməkdədir.

Azərbaycanın bir çox rayonlarının, eləcə də paytaxt Bakının bəzi sakinlərinin AzadlıqRadiosuna demələrinə görə, son həftələr dana əti təqribən 15 faiz bahalaşıb. "Yaxın həftələrə qədər dana ətinin kiloqramını 13-14 manata satırdıq. İndi isə 16 manata satırıq. Bu, bir bizdə belə deyil. Ətraf rayonlarda da bahalaşma gedib", - Qobustan şəhərində ət satıcılarından biri AzadlıqRadiosuna deyib.

Satıcı əlavə edib ki, son həftələr hava kəskin istiləşib, qoyun ətinə tələbat azalıb, müştərilər daha çox dana, inək ətinə üstünlük verir.

Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bundan əvvəlki illərdə də Azərbaycanda ətin qiymətində ciddi bahalaşma müşahidə edilib. Elə ötən il də ölkədə dana ətinin kiloqramının təqribən 2 manat bahalaşdığı, 12 manatdan 14 manata yüksəldiyi (15 faizdən çox) açıqlanmışdı. Amma onda dana əti ilə yanaşı, qoyun ətinin də bahalaşdığı vurğulanırdı. Bahalaşmaya əsas səbəb kimi yem məhsullarının qiymətlərində artım və son illər pambıq əkini ilə bağlı ölkədə örüş yerlərinin azalması göstərilirdi.

Halbuki, rəsmi məlumata görə, ötən il ölkədə inflyasiya 4.9 faiz olub. Ərzaq məhsullarının isə cəmi 5.5 faiz bahalaşdığı açıqlanmışdı.