Nizama Heçimoviç - bu ad bir çox bosniyalıya tanışdır. Nizamanı 2023-cü il avqustun 11-də Bosniya-Herseqovinanın kiçik bir şəhərində keçmiş sevgilisi qətlə yetirib. Qatil daha iki nəfəri öldürüb, birini yaralayıb, sonra isə özünə qəsd edib.
Qatil Nizamanın qətlini canlı yayımlayıb. Bu qətl ölkədə etirazlara və qanunvericilikdə dəyişikliyə səbəb olub. Ölkədə zorakılığa məruz qalan qadınların sayında da artım var.
Bosniyada qadınlara qarşı zorakılıqla mübarizə aparan "Zenica" Qadın Hüquqları Mərkəzinin əməkdaşı Selma Baciç deyir: "Bizə müraciət edən bir çox qadının sözlərinə görə, 'Sən növbəti Nizama olacaqsan" təcavüzkarların ən çox işlədiyi hədədir".
Nizama Heçimoviçin qətli ictimaiyyəti təkcə amansızlığına görə deyil, həm də internetdə canlı yayımlanmasına görə sarsıtmışdı. Badziçin sözlərinə görə, son beş ildə Bosniyadakı qətllərin əksəriyyətində hər hansısa zorakı rəqəmsal element olub. Bu, təkcə Bosniyaya aid deyil - texnologiyanın qadınlara qarşı zorakılığı yaymaq və təşviq etmək üçün getdikcə daha çox alətə çevrilməsi bütün dünyada müşahidə olunan bir tendensiyadır.
Heçimoviçin qətlindən iki il sonra bu dəfə Pakistanın dağlıq bölgəsi olan Bəlucistanda baş verən başqa bir qətl hadisəsi geniş şəkildə onlayn platformalarda paylaşılıb. İddia edilir ki, ailələrinin razılığı olmadan evləndiklərinə görə bir qadın və bir kişi öldürülüb. Onlar guya ailələrin "şərəfini qorumaq" məqsədilə qətlə yetiriliblər. Hadisə ilə bağlı 11 nəfər həbs edilib. Qətlin videosu mesajlaşma tətbiqlərində və sosial şəbəkələrdə geniş yayılıb.
"Bunda heç bir şərəf yoxdur, sadəcə rüsvayçılıqdır'", - Pakistanın paytaxtı İslamabadda yerləşən qadın hüquqları təşkilatı "Aurat" Fondunun meneceri Sayma Munir bildirib.
"Müdafiəsiz bir qadına doqquz dəfə atəş açmaq - bunu yalnız həyasız bir qrup insan edə bilər", - Munir qeyd edib. Onun sözlərinə görə, texnologiyaya çıxış imkanları artdıqdan sonra zorakılıq halları da çoxalıb, lakin bu, "zorakılığın artmasına görə texnologiya cavabdehdir" anlamına gəlmir.
"Bizim regionumuzda əsas problem insanların düşüncə tərzini dəyişməkdir",- Munir vurğulayıb.
"Taliban" Əfqanıstanı ələ keçirdikdən sonra
2021-ci ildən bəri "Taliban" Əfqanıstanda nəzarəti bərpa etdikdən sonra bu ölkədə qadınlar fundamental hüquqların itirilməsi, yeni, daha sərt məhdudiyyətlər və texnologiyanın onlara qarşı silah kimi istifadə olunması ilə mübarizə aparırlar.
"Saxta hesablar məni hədəf alır, məni gözdən salmağa və ya susdurmağa çalışır. Hətta bəzən bir nəfərin idarə etdiyi, hücumları koordinasiya edən saxta hesab qrupları da var", - qadın hüquqları fəalı Nilufər Əyubi AzadlıqRadiosuna bildirir. "Taliban" hakimiyyətə qayıtdıqdan sonra o, Polşaya qaça bilib. Lakin fəalın sözlərinə görə, orada belə onlayn təqiblərdən xilas ola bilməyib.
"Onlar sosial medianı dialoq və ya həmrəylik üçün deyil, düşmən məkana çevirərək dezinformasiya yaymaq və nifrəti gücləndirmək üçün istifadə edirlər", - Əyubi əlavə edir.
Onun sözlərinə görə, rəqəmsal təqib bir çox baxımdan real həyatda baş verənlərdən fərqlənmir: "Bu, əfqan qadınların gündəlik həyatda üzləşdiyi susdurma, qorxutma və nəzarət mədəniyyətinin eyni şəkildə əksidir. Oflayn baş verənlər tez-tez onlayn da təkrarlanır; cəmiyyətdən kənarlaşdırılan səslər rəqəmsal dünyada yenidən hücuma məruz qalır".
Gender, media və insan haqlarına əsaslanan rəqəmsal siyasət üzrə ekspert və məsləhətçi Cennifer Adams isə hesab edir ki, bunların heç biri yeni deyil. "Onlayn qadın düşmənçiliyi oflayn qadın düşmənçiliyinin bir təzahürü və gücləndirilmiş formasıdır", - Adams bildirir.
Lakin o əlavə edir ki, onlayn məkan anonimlik imkanı yaradır və alqoritmlərə tabedir: "Bu, qarşılıqlı reaksiyanı və etikləşimi prioritetləşdirən bir biznes modelidir. Təəssüf ki, zorakılıq və qadın düşmənçiliyi getdikcə daha çoxları üçün cəlbedici olur".
Sosial media platformaları kifayət qədər iş görürmü?
Hər bir mesajlaşma və sosial media platformasında zərərli məzmunu silmək imkanı var. Əksəriyyətində həm insan, həm də avtomatik moderatorlar, eləcə də süni intellektlə işləyən müxtəlif alətlər mövcuddur ki, bunlar onlayn paylaşılan problemli materialları monitorinq edir.
Facebook və Instagram-ın sahibi olan "Meta" bildirir ki, şirkət zorakılıq təhdidlərini və əksər qrafik məzmunu silir. Məsələn, ölüm cəzasının və ya digər qətllərin canlı yayımlanmasına icazə verilmir.
Buna baxmayaraq, "Meta" şirkətinin Heçimoviçin qətlini əks etdirən görüntüləri Instagram-dan silinməsi bir neçə saat çəkmişdi. O vaxta qədər isə həmin video artıq digər platformalarda paylaşılmışdı. Pakistanlı cütlüyün qətlini göstərən son video isə bir neçə platformada geniş paylaşılıb.
C.Adams deyir ki, platformalar istifadəçilərin qarşılıqlı əlaqə qurmaq istədiyi məzmunlara üstünlük verirlər və "bunu qəsdən edirlər". O əlavə edir ki, platformaların məzmunun moderasiyası üçün tam imkanları var.
"Sadəcə olaraq onlar bunu etməməyi seçir. Siyasi baxımdan razılaşmadıqları mövzularda bunu edə bildiklərini görürsən, amma bir qadının qətli barədə bunu edə bilməmələri... bir seçimdir. Bu, biznes qərarıdır",- Adams bildirir.
Jurnalist və "More To Her Story" jurnalının təsisçisi Sara Littl da sosial media platformalarında qadın düşmənçiliyi ilə bağlı məzmunun aktiv şəkildə artdığına inananlardandır.
"Bu, qadınlara qarşı real həyatda baş verən zorakılığı tamamilə gücləndirir. Bir qadının qətlini əks etdirən videonun geniş yayılması onu göstərir ki, qadınların insanlıqdan çıxarılması nə qədər dərin kök salıb", - jurnalist bildirir.
Londonda yerləşən "Amnesty International"ın apardığı son sorğu göstərir ki, Z nəsli istifadəçilərinin (təxminən 1997–2012-ci illər arasında doğulanlar) 73 faizi qadın düşmənçiliyi barədə onlayn məzmunun şahid olub. Eyni araşdırma göstərir ki, gənc qadınların gənc kişilərə nisbətən daha çoxu onlayn məkandakı qadın düşmənçiliyinin real həyatda cinsi ayrıseçkiliklə eyni olduğunu düşünür.
Qarşıdakı yol
Heçimoviçin ölümü Bosniyada böyük təsir yaratdı. Ölkəni təşkil edən iki vahiddən biri olan Bosniya və Herseqovina Federasiyasında qadın qətllərinə qarşı müdafiə qanunu dəyişdirilib. Femisid üçün daha sərt cəzalarla bağlı təkliflər isə hələ qanuna çevrilmək üçün son təsdiqini gözləyir. Zorakılıq qadınlara qarşı hələ də geniş yayılsa da, qadınlar indi bu barədə məlumat verməyə daha çox meyllidir.
Yerli təşəbbüslər də kömək edir. "Zenica" Qadın Hüquqları Mərkəzi qadınların ölkə üzrə 100-dən çox xüsusi yardımçı ilə danışa biləcəyi 4P adlı onlayn xəritə yaradıb. Mərkəzin əməkdaşı Baciç deyir ki, onlar "zorakılıq barədə məlumat vermək və qorunmaq üçün lazım olan məlumat, yardım, dəstək və təşviq alırlar".
Qadın hüquqları müdafiəçisi Əyubi isə vətəni Əfqanıstanı tərk etsə də, hələ də texnologiyanın qadınlara fayda verə biləcəyinə inanır. "Bu, onları təhsilə, iqtisadi imkanlara, dəstək sistemlərinə və qlobal həmrəyliyə bağlaya bilər", - o deyir.
Amma Əyubi onu da qeyd edir ki, qadınların öz potensiallarına çatması həm də onlayn zorakılıqla mübarizə aparıldıqda mümkün olacaq.
Yazını AzadlıqRadiosunun Balkan xidmətinin əməkdaşı Una Çiliç hazırlayıb.